Elektron poçt təhlükəsizlik şlüzü (SEG)

Elektron poçt şlüzləri təşkilatların və ya istifadəçilərin daxili elektron poçt serverlərini qoruyan bir həll növüdür. Bu həllər hər bir daxil olan və kənara göndərilən elektron məktubun keçdiyi bir şlüz rolunu oynayır. Secure Email Gateway (SEG) göndərilən və qəbul edilən elektron məktubun monitorinqi üçün istifadə olunan cihaz və ya proqramdır. E-poçt şlüzünün qorunması arzuolunmaz e-poçtun qarşısının alınması və təmiz (zərərverici olmayan) məktubların çatdırılması üçün nəzərdə tutulmuşdur. Arzuolunmayan mesaj tiplərinə spam, fişinq hücumları, zərərli proqram və ya saxta məzmunlu elektron məktublar daxildir. Həssas məlumatların təşkilatdan çıxmasının qarşısını almaq və ya həssas məlumatlar daşıyan məktubları avtomatik şifrələmək üçün göndərilən mesajlar təhlil edilə bilər. SEG funksionallığı tələblərdən asılı olaraq bulud xidməti və ya yerli (on-premises) cihaz kimi yerləşdirilə bilər.

SEG zərərli məzmunlu elektron məktubların göndərilən alıcıya çatmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Zərərli məktubları karantinə yerləşdirməklə və ya göndəricinin elektron ünvanını bloklamaqla təhlükəsiz e-poçt şlüzü istifadəçi məlumatlarının (credentials), e-poçt hostlarının və həssas şirkət məlumatlarının ələ keçirilməsinin sayını əhəmiyyətli dərəcədə azaldır.

SEG-lər əsasən iki formada işləmək üçün nəzərdə tutulmuşdur. Onlar elektron məktubun göndəricisini domen identifikasiyası və göndərici reputasiyası vasitəsilə təsdiqləməyə çalışırlar, həmçinin, Threat Intelligence, antivirus və məzmun təhlili alətlərindən istifadə edərək məktubun məzmununu təsdiqləməyə çalışırlar.